“Oynadığım bütün
rolların sonrakı həyatı mənə çox
maraqlı olur”
Kəmalə Hüseynova: “Ən böyük
arzum odur ki, mən öləndən sonra
“Belə bir aktrisamız var
idi” desinlər, rollarıma tamaşa eləsinlər”
Layihə çərçivəsində
müsahibimiz Gənc Tamaşaçılar Teatrının aktrisası
Kəmalə Hüseynovadır:
-Mən
1967-ci ildə Şəkidə anadan olmuşam, 1986-cı ildə
Azərbaycan Dövlət İncəsənət
İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə
daxil olub, dördüncü kursda Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrına dəvət almışam. Bu
teatrın səhnəsində “Ana qaz”, “Pəri Cadu”,
“Müharibə”, “Ezop” və digər tamaşalarda müxtəlif
qadın obrazları yaratmışam. Bu siyahıya Akademik Milli
Dram Teatrında səhnələşdirilən “Qatarın
altına atılan qadın” tamaşasını da aid etmək
olar.
Mənim fikrimcə, sənət teatrda, tarix kinodadır. Kino fəaliyyətim
hələ institutda oxuduğum illərdə başlayıb. “Araqarışdıran”,
“Kişi sözü”,
“Sahilsiz gecə” filmlərindən sonra “Etiraf”, “Hökm”, “Məhkumlar”, “Azarkeş”,
“Ölüm növbəsi”ndə
müxtəlif obrazlar
yaratmışam. Hazırda məni
“Tək olanda qorxma”, “Məhkumlar” serialında görmək mümkündür. Sentyabrda efirə
veriləcəyi gözlənilən
“Qarabağnamə” bədii
serialı ilə yanaşı, daha iki seriala dəvətliyəm.
Serial, teatr, dublyaj,
kino çəkilişləri,
ailə, aradabir rəsmi tədbirlərdə
iştirak-bunların hamısının
vaxt bölgüsünə
gəldikdə inanın,
elə vaxt olur, evdə gecələmirəm. Amma bu, mənə
çox böyük zövq verir. Çünki işləmək mənə həmişə
xoşdur. Üç gün
evdə qalanda şikayətlənməyə başlayıram.
Ona görə arzulayıram ki, hər zaman
işim olsun.
- Aktrisa olmağı uşaqlıqdan
arzulamısınız, yoxsa
təsadüfən bu
peşəni seçmək
qərarına gəldiniz?
- Nəslimizdə heç vaxt incəsənət adamı olmayıb. Yaxşı şeir deməyim vardı, məktəbdə
poeziya gecələri hazırlayırdım. Atam şeir
deməyimi bəyənirdi,
amma məni şərqşünas görmək
istəyirdi. Bir dəfə onun yanında dedim, yaxşı olar ki, mən aktrisa
olum. Onda atam mənə çox sərt cavab verdi
və həmin sərt cavabdan sonra mənə nəsə oldu. İndi də dəqiqliklə xatırlamaq istəyirəm
ki, niyə sənədlərimi valideynlərimdən
xəbərsiz Mədəniyyət
və İncəsənət
Universitetinə verdim.
Bu, bir tale idi.
Taleyin küləyi məni ora apardı. Heç universitetə daxil olanda da aktrisa
olmaq fikrində deyildim. Amma sənətin çəhrayı
rəngli gözəlliyi
məni çox tez öz ağuşuna
aldı. Universitetə getməyimin 15-ci günündə
auditoriyaya girən rejissorlar öz filmləri üçün
məni seçirdilər.
Beləcə, filmlərə çəkildim,
kurs tamaşalarında
oynadım. Prosesdə başa
düşdüm ki, bu sənətdə özümü tapmışam.
- Sovet sistemi dağılarkən
kinostudiya tənəzzülə
uğradı, filmlər
çəkilmədi, bir
çox kinoaktrisalar başqa sahələrə
üz tutdular. Bu proses sizə necə təsir etdi?
- Həmin dövrü mən başdan-başa analıq məzuniyyətində
keçirdim. Bir-birinin ardınca
övladlarım dünyaya
gəldi. Bilirsiniz, çox
qəribədir, sanki
tale məni hər zaman külək kimi aparır. Kinonun durğunluq dövründə
mən öz ailəmlə məşğul
oldum. Durğunluq dövrü bitdi,
yenidən sənətə
qayıtdım.
- Bir çoxlarının nəzərində siz həm kinoda, həm teatrda qadın problemlərini canlandıran rolların ifaçısısınız. Bir çox aktrisalar belə rolların həsrətindədir…
- Qadın problemi çox sevdiyim mövzudur. Bu sahədə
hədsiz problemlər
var, amma təəssüf edirəm
ki, bu haqda
çox az
yazılır. Yazılanlar da
deyəsən, ancaq mənə qismət olur. Fikir versəniz, Cəfər
Cabbarlının yaradıcılığı
bütünlüklə qadın
problemlərini əks
etdirir. Bir də ki problemli qadınların həyatını oynayanda
obraza çox qapılıram. Mehriban Ələkbərzadənin
“Məhkumlar” filmindəki
Əzizə obrazını
yaradanda çox pis hisslər keçirirdim. Filmin sonunda
qadında çürümə
prosesi başladığından
onu xəstəxananın
ikinci bölməsinə
aparırlar. O bölmədə
artıq Əzizəyə
yeməyi də pəncərədən verəcəklər,
o da orda öz ölümünü
gözləyəcək.
Çəkilişlərdən sonra mən uzun müddət özümü toparlaya bilmirdim. Mənə elə gəlirdi
ki, o qadın, həqiqətən, aramızdadır.
Əslində belə bir xəstəlik varsa, deməli, həyatda onunla üzləşmiş
qadın da olmalıdır. Həmişə fikirləşirdim ki, görəsən, o qadının
axırı necə oldu? Bircə “Qatarın altına
atılan qadın”dakı
rolumda qadının axırı məlum idi - intihar. Amma ümumilikdə oynadığım
bütün rolların
sonrakı həyatı
mənə çox maraqlı olur. Düşünürəm, əgər mənim
başıma belə bir hadisə gəlsəydi, ondan sonra mən necə yaşayardım.
- Siz müsahibələrinizdə Cəfər
Cabbarlının “Aydın”
pyesindəki Gültəkini
oynamaq istədiyinizi demisiniz. İndi necə bu rolu canlandırmaq istərdiniz?
- Daha istəmirəm. Artıq o qəbiristanlıqda olan rollarımdandır. Hələ o qəbrin üstünə
gül də qoyuram. Niyə həmin rolu
oynamaq istəmişəm?
Çünki mən yaratmaq istədiyim Gültəkini hələ,
heç kim
oynamayıb. Demirəm, yaxşı oynamayıblar,
sadəcə mən istədiyim Gültəkini
səhnədə görməmişəm.
Amma indi mənim yaşım, düşüncə
tərzim Gültəkinin
yaşı və düşüncə tərzi
ilə eyni deyil. İndi tamamilə fərqli
qadınları yaratmaq
istəyirəm. İndi xoşuma
gələni yox, yaratmaq istədiyim obrazları oynamaq istəyirəm. Üç ildən
bir rol oynasam
belə, oturub gözləyirəm. Möhür vura
bilməyəcəyim rollardan
həmişə imtina
edirəm. Həm də
düşünürəm ki, mənim məhsuldar dövrüm bundan sonra başlayır.
Bu dövrə qədər özümü
qoruyub saxlamalıydım.
Belə də elədiyimi düşünürəm. Amma bəzi aktrisalar hər rolu oynayır,
enerjisini tükədir,
40-50 yaşında artıq
yaradıcı baxımdan
tamamilə bitir.
Əgər zahiri siması qalıbsa, çəkisi 150 kilo deyilsə,
əminliklə deyirəm,
aktyor və aktrisaların ən gözəl dövrü
50 yaşdan sonra başlayır. Fikir versəniz, bütün
klassik əsərlərdə
ən yaxşı rollar məhz o yaş üçün yazılıb.
Başqa bir şey də
deyim. İki cür kino aktrisası olur. Birincilər
o qədər gözəldirlər
ki, onlardan vaz keçmək mümkün deyil. Kameraya düşən siması olduğuna görə bircə ağzını açıb danışması
onu çəkməyə
imkan verir. Bütün dünya kinosunda bu cür aktrisalar
var. Məsələn, Türkan
Şoray. Demirəm onlar
istedadsızdırlar, amma
simaları istedadlarından
bir pillə yuxarıdadır. İkinci növ
aktrisalar fitri istedadı olanlardır.
Onlar uzun illər çəkilirlər və
çox gözəl rollar oynayırlar. Birincilərsə müəyyən dövrdən sonra tükənirlər.
Mən ekranda daha gözəl görünmək üçün
hər vəchlə çəkimi normada saxlamağa çalışıram. Məni tanıyan
insanlar bilirlər ki, çəkimin artmamasına görə günlərlə ac qala bilərəm. Sənətimə görə çox əziyyət çəkirəm.
Onu da deyim ki,
filmlərə çəkilmək
üçün bu yaxınlarda plastik cərrahiyyə əməliyyatına
da gedəcəyəm.
İndiyə qədər getməmişəm. Mütəmadi idman, rəqs, bodibildinq, aerobika ilə məşğul oluram ki, çəkim
artmasın. Bilirsiniz,
son zamanlar aldığım rollar oyun tərzimlə bərabər
zahiri görünüşümlə də əlaqədardır.
Bir sirri açım, əgər mənim 20 kilo artıq
çəkim olsaydı, yəni 60 yox, 80 kilo olsaydım,
seriallardakı rollar mənə verilməyəcəkdi. İstəyir, fitri istedadın olsun, fərqi yoxdur.
Mən oynamaq istədiyim rollar üçün
mütləq baxımlı olmalıyam. Bir
sözlə, nə qədər ki aktyorluqla məşğulam,
zahirimə diqqət yetirməyə məcburam.
- Aktrisalığın yaş həddi
varmı?
- Mənimçün
yoxdur. Ümumiyyətlə, yaradıcı insan
sağlamlığı və ağlı imkan verdiyi müddətə
qədər işləyə bilər. Nə
qədər qəribə də olsa, heç vaxt işsiz
qalmamışam. Teatrdan çıxartsalar
kino, kinoda çəkməsələr, dublyaj var. Allah səsimi
də alsa, artıq “bu mənim taleyimdir” deyib, özümü
ailəmə həsr edəcəyəm. Çox
şükürlər olsun ki, getməyə hər zaman yerim
var. Hər tərəfdən əlim üzülsə belə,
Allahım var, ondan tutacam. Bəs mənə bu
istedadı kim verib? İstedad
bir qırağa, mənim rollarımın yarısını
oynamaq istəyən aktrisalar var ki, gecə-gündüz məşq
edirlər, ancaq o rolları əldə edə bilmirlər.
Deməli, hər şeyi Allah verir, istədiyi
vaxt da alacaq. Buna inanıram.
- Həyat yoldaşınız
rejissordur. O sizin tamaşalarınıza gəlib, tənqidlərini,
təriflərini, yaxud sadəcə fikrini bildirirmi?
- Rejissor idi. Biz
universiteti bir yerdə oxumuşuq. İkinci və üçüncü
kursda onun kurs tamaşalarında oynamışam. Öncə tamaşanı
təhlil edirik, sonra fikrini deyir.
Amma dərhal da deyir: “Sən
mənim çox istedadlımsan”. Sizə bir söz deyim, mən nə tərifi, nə də tənqidi sevməyən biriyəm. Duyğularımla, hisslərimlə çözməyi bacardığım
üçün kiminsə
məni tənqid etməsini qəribəlik
kimi qarşılayıram.
Məşqlərimi videoya çəkdirib
sonra bir də baxıram ki, səhvlərimi görüm. Tamaşaçı alqışı mənə
bəsdir. Ən böyük
arzum odur ki, mən öləndən
sonra “Belə bir aktrisamız var idi” desinlər,
rollarıma tamaşa eləsinlər.
Nigar ABDULLAYEVA
Palitra.-2013.-12 iyun.-S.11.